17 noyabr 2023-cü il tarixində “Bakı Metropoliteni” QSC-nin Təlim-Tədris Mərkəzində “Legalize Academy” və “Bakı Metropoliteni” QSC-nin Təlim-Tədris Mərkəzi arasında əməkdaşlıq çərçivəsində “Legalize” Hüquq Şirkətinin hüquqşünasları Emin Musayev və Fuad Osmanovun təlimçi qismində iştirakı ilə “Miqrasiya sahəsində praktik məsələlər” mövzusu üzrə seminar təşkil edilmişdir. Mövzu ilə bağlı bir sıra vacib məqamlara toxunulmuşdur. Belə ki, seminar xüsusi ilə “Miqrasiya qanunvericiliyində ən son dəyişikliklər”, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması”, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müvəqqəti yaşamaq icazəsinin alınması”, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması”, ”Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün daimi yaşamaq icazəsinin alınması”, “Dövlət Miqrasiya Xidmətinə müraciətlərlə bağlı tələb olunan sənədlər və anketlərin doldurulması”, “İnzibati Xətalar Məcəlləsində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı nəzərdə tutulan inzibati xətalar” kimi mövzuları əhatə etmişdir.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən seminarda iştirakçıların mövzu ilə bağlı bir sıra sualları, o cümlədən, “Müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin alınması ilə əlaqədar əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə gəlmə məqsədinin müəyyənləşdirilməsi vacibdirmi?”, “Müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması ilə bağlı müraciətlərə hansı müddətlərdə baxılır?”, “Əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün iş icazəsinin alınması zamanı hansı məqamlara diqqət yetirilməlidir?”, “Dövlət Miqrasiya Xidmətinə təqdim edilən sənədlər notarial qaydada təsdiq edilməlidirmi?”, “Müvəqqəti yaşamaq üçün icazə və iş icazəsinin alınması eyni zamanda həyata keçirilə bilərmi?”, “Miqrasiya sahəsində hansı hüquqpozmalar və sanksiyalar mövcuddur?” kimi suallar cavablandırılmışdır.
Seminarın yekunu olaraq iştirakçılar aktual mövzunu əhatə edən maraqlı seminara görə təlimçilərə dərin təşəkkürlərini bildirmişlər.





