Aze AZE

B. e. - Cümə 09:00 - 18:00

Xocalı pr. 37 (Dəmirçi Plaza)

Məhkəmə icraatında videokonfrans əlaqə sistemi

Məhkəmə icraatında videokonfrans əlaqə sistemi

15.11.2021

Bildiyiniz kimi, 09 iyul 2021-ci il tarixində “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra, “Qanun”) qəbul olunmuşdur və bu Qanun 01 oktyabr 2021-ci il  tarixindən qüvvəyə minir. Qanun Mülki Prosessual Məcəllədə (“MPM”) bir çox əsaslı dəyişiklikləri nəzərdə tutur.

Qanunda ən əhəmiyyətli yeniliklərdən biri də məhz məhkəmə prosesində videokonfrans əlaqə sistemi ilə iştirak etmək imkanının olmasıdır.

Qanuna əsasən, bu imkan MPM-ə yeni əlavə edilən 10-2-ci maddədə (məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi) müəyyən olunmuşdur. Həmin maddə məhkəmə icraatının şəxslərin bilavasitə, yəni fiziki iştirakı olmadan müəyyən əsaslar olduqda videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsinin mümkünlüyünü təmin edir.

Burada şəxslər dedikdə, aşağıdakı subyektlər nəzərdə tutulur:

  • iştirak edən şəxs, onun nümayəndəsi (qanuni nümayəndəsi);
  • prosesin digər iştirakçıları (şahid, ekspert, mütəxəssis, tərcüməçi, vəkil).

Qeyd edək ki, maddədə işdə iştirak edən şəxslərin dairəsi məhdudlaşmamışdır. Bu səbəbdən bu maddədə işdə iştirak edən şəxs dedikdə, MPM-nin 46-cı maddəsində qeyd olunan bütün şəxslər, yəni tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar nəzərdə tutulur.


Hansı hallarda videokonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmə icraatında iştirak etmək mümkündür?

Qeyd olunan maddədə iştirakçıların bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə etməklə iştirak etməsi üçün müəyyən əsaslar tələb olunur. Bu tələblər məhz şəxsin bilavasitə iştirakı mümkün olmayan hallar üçün nəzərdə tutulmuşdur. Bu hallar aşağıdakılardır:

  • işdə iştirak edən şəxslər, onların nümayəndələri (qanuni nümayəndələri), vəkil, şahid, ekspert, mütəxəssis, tərcüməçi ölkədən kənarda və ya ölkə daxilində başqa şəhərdə (rayonda) olmaqla, üzrlü səbəbdən onların məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda;
  • tərəflərdən hər hansı birinin MPM-nin 255.0.1- 255.0.3-cü maddələrində nəzərdə tutulmuş səbəblərdən (tərəf Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və başqa silahlı birləşmələrində çağırış üzrə hərbi xidmətdə olduqda və ya digər dövlət vəzifəsini yerinə yetirməyə cəlb edildikdə; tərəf uzunmüddətli qulluq ezamiyyətində olduqda; tərəf müalicə müəssisəsində olduqda) məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda və iş üzrə icraat dayandırılmadıqda;
  • işdə iştirak edən şəxslər, onların qanuni nümayəndələri və şahidlərin azadlıqdan məhrum etmə və ya həbs yerlərində saxlanılması səbəbindən məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda;
  • təbii və ya texnogen qəzalar, epidemiya, fövqəladə, hərbi vəziyyət və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində(buna qısaca fors-major hallar deyə bilərik) işdə iştirak edən şəxslər, onların nümayəndələri (qanuni nümayəndələri), vəkil, şahid, ekspert, mütəxəssis, tərcüməçi müvafiq icraatda bilavasitə iştirak edə bilmədikdə;
  • məhkəmə icraatının lüzumsuz uzadılmasının qarşısının alınması məqsədilə digər hallarda. Bu ona əsas verir ki, məhkəmə videokonfrans əlaqə sisteminin tətbiq edilməsi ilə bağlı əsas kimi yalnız yuxarıda sadalanan hallarla məhdudlaşmayaraq, digər halları da məqbul hesab edə bilər.

Məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi üçün məhkəmə öz təşəbbüsü ilə və yaxud tərəflərin əsaslandırılmış vəsatəti əsasında müvafiq qərardad qəbul edir.

Prosessual şərait
Məhkəmə icraatı videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirildikdə tətbiq edilən texniki vasitələr səsin və görüntünün keyfiyyətini və real vaxt rejimində məhkəmə iclas zalına ötürülməsini, icraatın aşkarlığı və digər əsas prinsip və şərtlərinə riayət edilməsini, habelə informasiya təhlükəsizliyini təmin etməlidir.

Qeyd edək ki, videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən məhkəmə iclaslarının və prosessual hərəkətlərin videoyazısı aparılmalı, videoyazıya uyğun olaraq protokol tərtib edilməli və videoyazı elektron daşıyıcıda işə əlavə edilməlidir.

Hesab edirik ki, şəxslərin prosessual hüquqlarına maneə olmayacaq səviyyədə texniki şərait yarandığı zaman videokonfrans əlaqə sistemindən istifadə olunması məhkəmə icraatlarının lüzumsuz uzadılmasının qarşısını alacaq və operativ fəaliyyətinə dəstək olacaq, həmçinin, iştirakçılar icraatın müddətini süni yollarla uzatmaq məqsədi ilə iclasın təxirə salınması üçün artıq hər dəfə iclasda iştirakının mümkünsüzlüyünü səbəb kimi gətirə bilməyəcək. Digər tərəfdən də, videokonfrans əlaqə sistemindən istifadə olunması proses iştirakçılarının çəkdiyi xərclərin  azaldılmasına səbəb olacaq.

Müəllif barədə qısa məlumat:
İmamverdi Novruzlu 2020-ci ildə Dövlət Gömrük Komitəsinin Akademiyasının “hüquqşünaslıq” ixtisası üzrə bakalavr təhsilini bitirmişdir. O, 2021-ci ilin iyul ayından Legalize Hüquq Şirkətində hüquqşünas olaraq çalışır.