Əmtəə nişanı nədir?
“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır).
Nəzərinizə çatdırırıq ki, əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və göstərilənlərin hər hansı uzlaşması.
Əmtəə nişanlarının qeydiyyata alınması niyə vacibdir?
- qeydiyyat sizi qanun pozuntularından və haqsız rəqabətdən qoruyur. Bundan əlavə nişan üçüncü tərəfin qanunsuz istifadəsi və ya məhkəmə çəkişmələrində ortaya çıxan mübahisələr zamanı sizin mövqeyinizin qorunması baxımından faydalıdır;
- qeydiyyata alınmış əmtəə nişanı sahibinə müstəsna hüquq verir: yəni yalnız əmtəə nişanının sahibi nişan üzərində müstəsna hüquqa sahibdir və başqalarının da bu nişandan qanunsuz istifadə etməsinə qadağa qoya bilər;
- qeydiyyata alınmış əmtəə nişanı sahibinə bir istehsalçının həmcins olan əmtəə və xidmətlərinin digər istehsalçının əmtəə və xidmətlərindən fəqrləndirməsinə yardımçı olur. Burda əmtəənin forması, dizaynı əsas cəhət hesab olunur;
- əmtəə nişanının tanınması, məşhurluğu sahibinə bazarda daha çox gəlir əldə etməsinə kömək edir. Nişan sahibi müəyyən haqq müqabilində lisenziya müqaviləsi ilə müxtəlif şəxslərə nişandan istifadəyə icazə verə bilər;
- qeydiyyatdan keçmiş əmtəə nişanı məhsulun yüksək keyfiyyətinə qarantiya vermiş olur və bu da istehlakçıların məhsula olan inamını artırmaqla yanaşı onu saxta məhsuldan ayırmağa da yardımçı olur.
Mühafizə qabiliyyətinin meyarları
Əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Belə ki, əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmaqla yanaşı, əmtəənin mənşəyini istehlakçıya bildirməli, müxtəlif istehsalçılar tərəfindən istehsal olunan əmtəələri bir-birindən fərqləndirməlidir. Nişanın fərqlənmə qabiliyyəti şərtsiz qəbul olunan və dəyişməyən faktor deyil. Əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmadıqda, onun əmtəə nişanı kimi qeydə alınması, yalnız istifadə prosesində fərqli xüsusiyyətlərə malik olmasından asılı ola bilər.
Əmtəə nişanının qeydiyyata alınması proseduru
Əmtəə nişanlarının qeydiyyata alınması barədə iddia sənədi iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə təqdim edilir. İddia sənədi ərizədən və ona əlavə olunan zəruri sənədlərdən ibarət olmaqla bir əmtəə nişanına aid olmalıdır.
Əmtəə nişanının qeydə alınmasına dair ərizədə aşağıdakılar göstərilməlidir:
- iddiaçının adı, yerləşdiyi və ya yaşadığı yer, imzası;
- iddia edilən nişanın şəkli ya üçölçülü forması;
- əmtəələrin və ya xidmətlərin Əmtəə və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatı üzrə qruplaşdırılmış siyahısı;
- əmtəə nişanının rəngi və ya rənglərin kombinasiyası;
- nişanın və ya onun müəyyən hissəsinin transliterasiyası və tərcüməsi.
Əmtəə nişanının ilkinliyi
Əmtəə nişanının ilkinliyi iddia sənədinin Əqli Mülkiyyət Agentliyinə daxil olduğu tarixdən müəyyənləşdirilir.
Əmtəə nişanının ilkinliyi Paris Konvensiyasının iştirakçısı olan ölkədə birinci iddia sənədinin verildiyi tarixdən də müəyyənləşdirilə bilər (konvensiya ilkinliyi). Bu halda iddia sənədi həmin tarixdən 6 ay ərzində Əqli Mülkiyyət Agentliyinə təqdim edilməlidir.
Paris Konvensiyasının iştirakçısı olan dövlətlərdən birinin ərazisində təşkil edilmiş rəsmi beynəlxalq sərgilərin eksponatlarında yerləşdirilmiş əmtəə nişanının ilkinliyi sərgidə eksponatın açıq göstərildiyi tarixdən müəyyənləşdirilə bilər (sərgi ilkinliyi).
Əmtəə nişanı barədə iddia sənədinin ekspertizası
Əmtəə nişanı barədə iddia sənədinin ekspertizası müəyyənləşdirilmiş qaydalara uyğun olaraq ilkin ekspertizadan və ekspertizadan ibarət olmaqla Əqli Mülkiyyət Agentliyinin tabeliyindəki Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən həyata keçirilir.
- İlkin ekspertiza. Əmtəə nişanı barəsində iddia sənədlərinin ilkin ekspertizası iddia sənədlərinin daxil olduğu tarixdən 1 ay müddətində aparılır. Əmtəə nişanı barəsində iddia sənədlərinin ilkin ekspertizasının aparılması gedişində iddia sənədinin məzmunu, zəruri sənədlərin mövcudluğu, habelə müəyyənləşdirilmiş tələblərə uyğunluğu yoxlanılır. İlkin ekspertizanın nəticələrinə əsasən iddia sənədinin baxılmaq üçün qəbul və ya rədd edildiyi iddiaçıya bildirilir;
- Əmtəə nişanlarının ekspertizası. Əmtəə nişanının ekspertizası ilkin ekspertizanın başa çatmasından sonra 6 ay ərzində aparılır. Ekspertizaların nəticələrinə əsasən əmtəə nişanını qeydə alınmasına və ya qeydə almaqdan imtina edilməsinə dair əsaslandırılmış qərar qəbul edilir.
Hesab edirik ki, əmtəə nişanlarının qeydiyyata alınması ilk növbədə qanun pozuntularının qarşısının alınması istiqamətində mühüm faktordur, onun istifadə edilməsində maneələrin aradan qaldırılması deməkdir. Əmtəə nişanının qeydiyyata alınması onu müdafiə etmək hüququnun sizə məxsus olduğunu sübut edir, digər şəxslərin sizin əmtəə nişanından istifadə etmə hallarının qarşısını alır.
Müəllif barədə qısa məlumat
Emin Musayev 2019-cu ildə Bakı Dövlət Universitetinin “hüquqşünaslıq” ixtisası üzrə bakalavr təhsilini bitirmişdir. O, hazırda Bakı Dövlət Universitetinin “Əqli mülkiyyət hüququ” ixtisası üzrə magistratura pilləsində təhsilini davam etdirir. O, 2021-ci ilin sentyabr ayından Legalize Hüquq Şirkətində hüquqşünas vəzifəsində çalışır.