Aze AZE

B. e. - Cümə 09:00 - 18:00

Xocalı pr. 37 (Dəmirçi Plaza)

Biznesinizə təsir edə biləcək hüquqi risklər

Biznesinizə təsir edə biləcək hüquqi risklər

23.01.2022

Son dövrlərdə mütəmadi olaraq bizneslə məşğul olan şəxslərlə ünsiyyətdə oluram. Məndə yaranmış təəssürat ondan ibarətdir ki, yerli şirkətlərin əksəriyyəti biznes fəaliyyətlərini peşəkar hüquqşünas cəlb etmədən davam etdirirlər və yarana biləcək hüquqi risklərə əhəmiyyət vermirlər. Bunun bir çox səbəbləri ola bilər, misal üçün, hüquq xidmətlərinə artıq xərc kimi baxmaq, hüququn gücünə inamsızlıq və s.

Bu yazımda mən müqavilələrlə bağlı yarana biləcək hüquq risklərinə toxunmaq istəyirəm. 

Yerli şirkətlərin bir çoxu təəssüf ki, müqavilələrə ödənişi həyata keçirmək üçün bir vasitə kimi baxırlar. Belə şirkətlər yaxşı halda müqavilədə məbləğə, tərəflərin rekvizitlərinə, malın və ya xidmətin təsvirinə baxırlar. Müqavilə əslində risklərin dairəsini müəyyənləşdirmək, riskləri azaltmaq və ya minimallaşdırmaq üçün vasitə olmalı olduğu halda, şirkətlər müqaviləyə əhəmiyyət vermədiklərinə görə böyük bir risk altına girmiş olurlar. 

Bəzən irad bildirəndə də deyirlər ki, “5 ildir ki, bu müqavilə ilə işləyirik bircə dəfə də olsun problem olmayıb”. Hətta, ola bilər ki, 10 il də problem olmasın. Amma,  problem yarana bilər və bu problemin dəyəri çox baha ola bilər. 12 illik hüquq təcrübəmdən deyirəm. Real nümunələr verim.

Nümunə 1
Azərbaycanın böyük şirkətlərindən biri Türkiyə şirkəti ilə cəmi 4 səhifəlik müqavilə bağlayır. Onlar həmin müqavilə əsasında uzun müddət işləyirlər. Hər il müqavilənin müddətin uzadırlar. Tərəflərin imzaladıqları müqavilənin adı və məzmunu alqı-satqı müqaviləsi olsa da faktiki olaraq tərəflər arasındakı münasibət konsiqnasiyadır (yəni, əslində Azərbaycan şirkəti mala mülkiyyət hüququ əldə etmir, malı qəbul edir, satır və sonra pulu Türkiyə şirkətinə ödəyir). 

Təbii ki, işlər yaxşı gedəndə heç kimin yadına müqavilə düşmür. Bir müddət keçəndən sonra iki şirkət arasında münasibət gərginləşir. Türk şirkəti Azərbaycan şirkətinə deyir ki, “ümumiyyətlə, bilirsiz nə var? Bizə aidiyyəti yoxdur, siz malları realizasiya etmisiz, ya etməmisiz, mən malları sizə təhvil vermişəm və mənim pulumu verin.” Məbləğ də nə az, nə çox, 20 milyon dollardan yuxarı. İş gedir beynəlxalq arbitraja və həmin o 4 səhifəlik müqavilə Azərbaycan şirkətinə bir neçə milyon dollara başa gəlir. 

Halbuki, müqavilə tərəflər arasındakı münasibətlərin xarakteri nəzərə alınmaqla tərtib olunsa idi, hər şey daha fərqli olacaqdı. 

Nəticə: Vaxtında həmin müqaviləyə hüquqşünas baxsaydı, həmin şirkət o mübahisə ilə üzləşsəydi belə, mübahisədən daha yaxşı vəziyyətdə çıxa biləcəkdi. Vaxtında yerli şirkət 2-3 min manat hüquqşünasa xərc çəksəydi, 20 milyon dollarlıq risklə üz-üzə gəlməyəcəkdi.

Nümunə 2
İsveçrə şirkəti ilə Azərbaycan şirkəti arasında maliyyələşdirmə ilə bağlı müqavilə imzalanan ərəfədə İsveçrə şirkəti bizdən təminatla bağlı məsləhət alır. İsveçrə şirkəti təklif edir ki, dövriyyədə olan məhsullar girov müqaviləsi ilə rəsmiləşdirilsin və 3 milyon dollar vəsaitləri təminat altına alınmış olsun. Biz bununla razılaşmırıq və bildiririk ki, dövriyyədə olan məhsulların girovu Azərbaycan təcrübəsində effektiv təminat vasitəsi deyil. Bunun əvəzinə mümkün variantlardan ən uyğun olanını - qarşı tərəfin daşınmaz əmlakını ipoteka ilə yüklü etməyi tövsiyə etdik (likvid təminat vasitəsi olmasa da dövriyyədə olan məhsulların girovundan qat-qat işləkdir). Uzun müzakirələrdən sonra, İsveçrə şirkəti bizim tövsiyəmizi qəbul edir və 3 milyon USD dəyərində maliyyələşmə müqaviləsinin təminatı məqsədilə qarşı tərəfin əmlak kompleksini ipoteka ilə yüklü edirlər (bu prosesdə biz onlara tam hüquqi dəstək olduq). Bir müddət sonra tərəflər arasında mübahisə yaranır və Azərbaycan şirkəti qalıq 100 min dolları qaytarmaq istəmir. Biz, həmin şirkətə ipoteka predmetinə tutma yönəltmək niyyətimizi bildirəndə borclu şirkət son sentədək borcunu ödəməyə razılaşır (hətta, İsveçrə şirkətinin hüquqşünaslara çəkdiyi xərclərin əvəzini də ödəməyə razılaşdılar). 

Nəticə: Bu prosesə İsveçrə şirkəti yerli hüquqşünasları cəlb etməsəydi, sonda üzləşəcəyi riskdən məğlub vəziyyətdə çıxacaqdı. 

Tövsiyə: Müqavilələrə ödənişi həyata keçirmək üçün formal sənəd kimi yanaşmayın. Qətiyyən belə etməyin. Əks halda, ciddi və bahalı hüquqi risklərlə üzləşə bilərsiniz. Peşəkar hüquqşünasların xidmətlərindən mütləq faydalanın.

Müəllif: Fuad Qəşəmov
Legalize Hüquq Şirkətinin təsisçi partnyoru