Qida sektorunda fəaliyyət göstərmək istəyən və ya bu sektorda artıq müəyyən təcrübəyə malik olan şəxslər çox zaman Azərbaycan Respublikasının qanunvericiliyinin sahə üçün müəyyən etdiyi standart və tələblər haqqında məlumatsız olurlar. Belə ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa nəzər yetirsək məlum olacaq ki, qida zənciri obyektlərin (subyektlərin), habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin fəaliyyətinə yalnız onların qeydiyyata alınmasından sonra icazə verilir.
Qida zənciri dedikdə nə başa düşülür? “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən qida zənciri anlayışına qida və ya yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası daxildir.
Bəs hər hansı fəaliyyətin yuxarıda sadalanan kateqoriyalara aid olub-olmadığını necə müəyyən edə bilərik? Bizi maraqlandıran suala “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində yer alan anlayışları incələyərək aydınlıq gətirmək olar. Belə ki:
- İlkin istehsal dedikdə heyvanların kəsiminə qədər heyvan mənşəli məhsulların əldə edilməsi də daxil olmaqla torpaqdan və diri heyvandan, o cümlədən, arıdan alınan qida və yem məhsullarının yığılması, becərilməsi, çeşidlənməsi, habelə çöl heyvanlarının, balıqların və dəniz məhsullarının ovlanması və yabanı bitki məhsullarının yığılması başa düşülür;
- İstehsal dedikdə emala məruz qalmadan ilkin istehsal məhsulunun (yəni, torpaqdan və diri heyvandan, o cümlədən, arıdan alınan qida və yem məhsullarının) təmizlənməsi, kəsilməsi (heyvan kəsimi daxil olmaqla), doğranması, parçalanması, dilimlənməsi, cilalanması, üyüdülməsi, dərisinin soyulması, tükünün yolunması, soyudulması, dondurulması və ya onların kombinasiyasından ibarət hər hansı proses, bununla bağlı çəkilib bükülməsi, qablaşdırması, etiketlənməsi, habelə qida və yem məhsullarının istehsaldaxili saxlanması və daşınması başa düşülür;
- Emal dedikdə ilkin istehsal məhsullarının (yəni, torpaqdan və diri heyvandan, ö cümlədən, arıdan alınan qida və yem məhsullarının) və istehsal nəticəsində əldə edilmiş məhsulların isidilməsi, qurudulması, bişirilməsi, hisə verilməsi, marinad edilməsi, ekstraksiyası, sıxlaşdırılması və ya onların kombinasiyasından ibarət hər hansı proses, habelə qida və yem məhsulunun emala hazırlanması, çəkilib bükülməsi, qablaşdırılması, etiketlənməsi, qida və yem məhsulunun emal ərazisində saxlanması və daşınması başa düşülür;
- Dövriyyə dedikdə qida və yem məhsullarının saxlanması, daşınması, idxalı və ixracı, tədarükü, topdan və pərakəndə ticarət obyektləri tərəfindən satışı, barteri, hər hansı formada (kommersiya və ya qeyri-kommersiya məqsədləri üçün) ötürülməsi, habelə qida məhsullarının istehlakı başa düşülür
- Utilizasiya dedikdə qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə cavab verməyən qida və yem məhsullarının ilkin nəzərdə tutulmuş təyinatından başqa bir təyinat üçün istifadə etmək məqsədilə texnoloji emalı, yaxud digər məqsədlərlə istifadəsi başa düşülür.
- Qida məhsulları ilə təmasda olan material və məmulatlar dedikdə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası mərhələlərində istifadə edilən, qida məhsulu ilə birbaşa təmasda olan material və məmulatlar, o cümlədən tara və qablaşdırma materialları başa düşülür.
Qida zənciri obyekt və subyektləri nələr və kimlərdir? “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanunu qida zənciri subyektləri qismində bu sahədə fəaliyyətlə məşğul olan fiziki və ya hüquqi şəxslər, bələdiyyə, dövlət orqanları (qurumları); obyektlər qismində isə qida zəncirində fəaliyyətin həyata keçirildiyi məkan, sahə, bina, nəqliyyat vasitəsi və digər modul tipli (daşına bilən) obyektləri tanıyır.
Qeydiyyatı hansı orqan həyata keçirir? Bu sualın cavabını Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında tapa bilərik. Belə ki, qida zənciri obyektlərinin (subyektlərinin), habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı ilə məşğul olan obyektlərin, qida zənciri obyektlərinin qeydiyyatını həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı qismində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – “AQTA”) çıxış edir. Qida zənciri obyekt və subyektlərinin qeydiyyatını AQTA-nın Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (https://e-afsa.gov.az) “Asan imza” vasitəsi ilə daxil olaraq onlayn qaydada və ya şəxsən (və ya səlahiyyətli nümayəndə vasitəsi ilə) 5, 6 və 7 saylı Bakı “ASAN xidmət” və regional “ASAN xidmət” mərkəzlərinə (1 saylı Gəncə və 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzləri istisna olmaqla), “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə müraciət edərək həyata keçirmək mümkündür.
Qeydiyyat üçün hansı sənədlər tələb olunur? Sənədlər siyahısı “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 303 nömrəli qərarı ilə müəyyən edilir:
- Doldurulmuş və səlahiyyətli şəxs tərəfindən imzalanmış/möhürlənmiş “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı haqqında” ərizə-anket (nümunə formasını növbəti keçiddən əldə etmək olar: https://afsa.gov.az/storage/pages/1459/1682479810.pdf);
- Subyekt fiziki şəxs olduqda - şəxsiyyət vəsiqəsinin və vergi ödəyicisi kimi uçota alınmasını təsdiq edən şəhadətnamənin (VÖEN) surəti; hüquqi şəxs olduqda - hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin (VÖEN) surəti; müraciət nümayəndələr tərəfindən edildiyi halda səlahiyyətlərini təsdiq edən sənədlərin və şəxsiyyət vəsiqələrinin surəti əlavə olunmalıdır.
- Obyektə dair mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və icarə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surəti.
Qeydiyyat hansı müddət ərzində həyata keçirilir? Obyektlərin və subyektlərin qeydiyyatı 7 iş günü ərzində həyata keçirilir. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq AQTA onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman icazənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət icazənin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları 10 iş günü müddətində aradan qaldırmadıqda AQTA ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.
Qeydiyyat ödənişlidir? “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 3 dekabr 2021-ci il tarixli 415 №-li Azərbaycan Respublikasının qanununun 1-ci maddəsinə əsasən qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı rüsumun ödənilməsi tələbi ləğv edilmişdir. Yəni, bugün qida zəncirinin obyekt və subyektləri qeydiyyatlarını ödənişsiz qaydada tamamlaya bilərlər.
Qeydiyyat hansı sənədlə təsdiqlənir? AQTA tərəfindən qida zənciri obyektlərinin(subyektlərinin) qeydiyyata alınması barədə qərar qəbul edildikdən sonra onlar qeydiyyata alınmış subyektlərin dövlət reyestrinə daxil edilir və “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış” verilir. Qeydiyyata alınmış subyektlərin dövlət reyestrinə daxil edilən məlumatlar AQTA-nın internet saytında yerləşdirilir və istifadəçilər üçün açıqdır (Reyestr məlumatları ilə növbəti keçiddən tanış olmaq olar: https://e-afsa.gov.az/E_GovRegistration/filter).