Aze AZE

B. e. - Cümə 09:00 - 18:00

Xocalı pr. 37 (Dəmirçi Plaza)

Azərbaycan Respublikasında əmtəə nişanlarının qeydiyyatı proseduru

Azərbaycan Respublikasında əmtəə nişanlarının qeydiyyatı proseduru

Azərbaycan Respublikasında əmtəə nişanlarının qeydiyyatı proseduru

31.05.2023

Sahibkarın fəaliyyətinə müsbət təsir edən amillərdən biri onun əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirən əmtəə nişanının olmasıdır. Lakin əmtəə nişanının olması kifayət etmir, ən önəmlisi qanunvericiliyin tələblərinə uyğun olaraq onun qeydiyyata alınmasıdır.

Azərbaycan Respublikasında əmtəə nişanlarının qeydiyyatı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra “Agentlik” adlandırılacaq) tərəfindən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının 12 iyun 1998-ci il  tarixli 504-IQ №-li Qanunu (bundan sonra “Qanun” adlandırılacaq) və “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 1999-cu il tarixli 166 №-li Qərarına əsasən həyata keçirilir.

Azərbaycan Respublikasında əmtəə nişanının qeydiyyatı ilə bağlı prosedurlar nədən ibarətdir?

Azərbaycan Respublikasında əmtəə nişanının qeydiyyatı ümumi qayda olaraq aşağıdakı prosedurları əhatə edir:

  • İddia sənədinin verilməsi

Əmtəə nişanının qeydiyyata alınmasına dair iddia sənədi sahibkar tərəfindən aşağıdakı qaydada Agentliyə verilə bilər:

  • Bilavasitə;
  • Agentlikdə qeydə alınmış patent müvəkkili vasitəsilə. 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə başqa qaydalar nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti göstərənlər istisna olmaqla, xarici hüquqi və fiziki şəxslər Agentlik ilə hüquqi əhəmiyyətli işləri yalnız patent müvəkkilləri vasitəsilə aparırlar.

İddia sənədi Azərbaycan dilində verilir və ona daxil olan digər sənədlər Azərbaycan dilində və ya başqa dillərdə verilə bilər, lakin onların Azərbaycan dilinə tərcüməsi iddia sənədinin verildiyi gündən 2 (iki) ay ərzində Agentliyə təqdim olunmalıdır.

  • Ekspertiza

İddia sənədinin ekspertizası ilkin ekspertizadan və ekspertizadan (mahiyyət üzrə) ibarətdir.

  • İlkin ekspertiza

İlkin ekspertiza iddia sənədinin Agentliyə daxil olduğu tarixdən 1 (bir) ay müddətində aparılır.

İlkin ekspertiza zamanı iddia sənədinin məzmunu, zəruri sənədlərin mövcudluğu, habelə müəyyənləşdirilmiş tələblərə uyğunluğu yoxlanılır. İlkin ekspertizanın nəticələrinə əsasən iddia sənədinin baxılmaq üçün qəbul və ya rədd edildiyi sahibkara bildirilir.

  • Ekspertiza (mahiyyət üzrə)

Ekspertiza (mahiyyət üzrə) ilkin ekspertizanın başa çatmasından sonra 6 (altı) ay ərzində aparılır. Bu zaman iddia edilən nişanın Qanunun tələblərinə uyğunluğu yoxlanılır və onun ilkinliyi müəyyənləşdirilir.

* Sahibkarın vəsatəti və Agentlik tərəfindən müəyyən edilmiş xidmət haqqının ödənilməsi əsasında ekspertiza (mahiyyət üzrə) 1 (bir) ay ərzində keçirilir.

Ekspertizanın nəticəsinə əsasən Agentlik tərəfindən əmtəə nişanının qeydə alınmasına və ya qeydə almaqdan imtina edilməsinə dair əsaslandırılmış qərar qəbul edilir və 10 (on) gün müddətində sahibkara göndərilir.

Agentlik ekspertizanın nəticəsi əsasında rədd qərarı qəbul etməzdən əvvəl sahibkara bu barədə müvafiq bildiriş göndərir. Sahibkar ekspertizanın nəticəsi ilə razılaşmadıqda, bildiriş aldığı tarixdən 2 (iki) ay ərzində öz dəlillərini təqdim edə bilər.

Sahibkar ekspertizanın qərarı ilə razı olmadıqda dövlət rüsumunu ödəmək şərti ilə qərarı aldığı tarixdən 3 (üç) ay ərzində Agentliyin Apellyasiya şurasına etiraz verə bilər.

  • Əmtəə nişanının dövlət reyestrində qeydə alınması və şəhadətnamənin verilməsi

Agentlik tərəfindən ekspertizanın nəticəsinə əsasən əmtəə nişanının qeydə alınmasına dair qərar qəbul edildikdə sahibkar tərəfindən 4 (dörd) ay ərzində dövlət rüsumu ödənildikdən sonra əmtəə nişanı qeydə alınır. Sahibkar müəyyən edilən müddət ərzində dövlət rüsumunu ödəmədikdə, əlavə haqq ödəmək şərti ilə ona əlavə olaraq 4 (dörd) ay möhlət verilir. Bu şərtlər yerinə yetirilmədiyi halda, ekspertizanın qərarı ləğv edilmiş sayılır və iddia sənədi geri çağırılmış hesab edilir.

Dövlət rüsumu ödənildikdən sonra əmtəə nişanı 1 (bir) ay ərzində dövlət reyestrində Agentlik tərəfindən qeydə alınır.

Əmtəə nişanına dair şəhadətnamə əmtəə nişanının dövlət reyestrində qeydə alındığı tarixdən 1 (bir) ay müddətində Agentlik tərəfindən verilir.

Əmtəə nişanına dair şəhadətnamə iddia edilmiş nişanın əmtəə nişanı kimi qeydə alınması faktını, onun ilkinliyini, əmtəələrə və göstərilən xidmətlərə aid sahibkarın müstəsna hüququnu təsdiq edir və qeydə alınmış nişanın təsvirini özündə əks etdirir.

Əmtəə nişanının qeydiyyatı hansı müddətə qüvvədə qalır?

Əmtəə nişanının qeydiyyatı iddia sənədinin Agentliyə verildiyi tarixdən 10 (on) il müddətində qüvvədə olur. Bu müddət sahibkarın ərizəsinə əsasən haqq ödənilməklə məhdudiyyət qoyulmadan hər dəfə 10 (on) il müddətinə uzadıla bilər.

Qeydiyyatın qüvvədə olma müddəti qurtardıqdan sonra onun uzadılması üçün sahibkara əlavə haqq ödəmək şərti ilə 6 (altı) ay möhlət verilir. Qeydiyyat müddətinin uzadılmasına dair məlumat reyestrə və şəhadətnaməyə daxil edilir və rəsmi bülletendə dərc olunur.

Sahibkarlara tövsiyəmiz nədir?

Əmtəə nişanlarının qeydiyyata alınması sahibkarların müstəsna hüququnu təsdiq edir və onların əmtəə nişanlarının üçüncü şəxslər tərəfindən qanunsuz istifadəsi zamanı mübarizənin aparılması üçün sahibkarların mövqeyini gücləndirir. Bu səbəbdən sahibkarlara fəaliyyətləri zamanı qarşılaşa biləcəkləri risklərinin minimuma endirilməsi məqsədilə əmtəə nişanlarını qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyata almalarını tövsiyə edirik.

Müəllif barədə qısa məlumat:

Emin Musayev, 2019-cu ildə Bakı Dövlət Universitetinin “hüquqşünaslıq” ixtisası üzrə bakalavr təhsilini, 2022-ci ildə isə Bakı Dövlət Universitetinin “Əqli mülkiyyət hüququ” ixtisası üzrə magistr təhsilini bitirmişdir. O, hüquq sahəsində 2 ildən artıq təcrübəyə malik hüquqşünasdır və müqavilələr, əqli mülkiyyət, korporativ hüquq, miqrasiya, dövlət satınalmaları üzrə ixtisaslaşmışdır. O, “Legalize” hüquq şirkətində hüquqşünas vəzifəsində çalışır. Müəllif haqqında ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə daxil olun:

https://www.legalize.az/team/emin-musayev